Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət satınalmalarında şəffaflıq, rəqabətlilik və əlçatanlıq prinsiplərinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Finss.az xəbər verir ki, 2025-ci ilin I yarımilində elektron satınalmaların həcmi 1 milyard 632,7 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə (1 milyard 455,7 milyon manat) müqayisədə 12,2% artım deməkdir.
Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 329,2 milyon manat qənaət edilib ki, bu da əvvəlki illə müqayisədə 38,6% çoxdur.
Cari ilin 6 ayında açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı:
- Açıq tenderlərdə – 4,3 (7,5% artım),
- Kotirovka sorğularında – 3,4 (dəyişməyib),
- Ümumilikdə – 3,7 iştirakçı olub.
Agentliyə satınalmalarda müxtəlif maneələrlə bağlı 789, digər məsələlərlə əlaqədar isə 239 müraciət daxil olub. Qanun pozuntuları aşkarlanmış 501 yekun protokol ləğv edilib.
Satınalma proseslərinin sadələşdirilməsi məqsədilə “E-tender.gov.az” portalına yeni funksionallıqlar əlavə olunub, həmçinin Mərkəzi Bank, Dövlət Vergi Xidməti, Ədliyyə və Daxili İşlər Nazirlikləri ilə inteqrasiya həyata keçirilib.
Qeyd edək ki, bu məlumatlar Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən hazırlanıb.